Vidadi Ənsərov 1966-ci il martın 22-də Qərbi Azərbaycanın Ləmbəli kəndində doğulmuşdur. Uşaqlığı qədim Azərbaycanın bu gözəl məkanında keçən Vidadi Ənsərov Ləmbəli kənd 2 nömrəli orta məktəbində oxumuşdur. Ermənilərin xalqımıza qarşı törətdiyi təxribatlar və deportasiya siyasətinin nəticəsində öz ata-baba yurdundan 1988-ci ildə Oğuza gəlmişdir. Ailəsi ilə birgə Oğuzun Böyük Söyüdlü kəndində yerləşmişdir. Sonradan – 1992-ci ildə Bakıya getmişdir. Vətənin başı üzərini qara buludlar alanda o da digər igid oğullarımız kimi cəbhəyə yollanmışdır.
Laçının Güləbird kəndi uğrundakı döyüşlərin birində mühasirəyə düşmüş 12 döyüş yoldaşını mühasirədən xilas etmişdir. Beyləqan və Cəbrayılda kəndlərin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1994-cü ildə Füzulinin 9 kəndinin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Pulemyotçu idi. Əsgər yoldaşları ona “Rembo” deyirmişlər. 1994-cü ilin 11 yanvarında Füzulinin Əbdürrəhmanlı kəndinin düşməndən təmizlənməsi əməliyyatında şəhidlik zirvəsinə yüksəlmişdir.
Vidadi Ənsərov yanvarın 15-də Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.
Vidadi Ənsərov cəbhəyə gedərkən Hicran xanımla ailəli idi. Səfurə adlı qızı var. Səfurə xanım da ailəlidir. Oğlu şəhid babasının adını daşıyır.
Comments