Oğuzun I Qarabağ savaşında verdiyi ilk şəhididir Arzu.
Əliyev Arzu Yaqub oğlu 1963-cü ildə Oğuz rayonunun Padar kəndində anadan olmuşdur. Padar kənd orta məktəbini bitirdikdən sonra Mərdəkandakı milis məktəbinə daxil olmuşdur. Burada təhsilini başa vurmuş, bir müddət Bakı və Sumqayıt şəhərlərinin milis(polis) şöbələrində çalışmışdır. Daha sonra Şəki şəhər milis şöbəsində işləməyə başlamışdır.
1990-cı ilin dekabrında Arzu Əliyev Şəki Daxili İşlər şöbəsindən Əsgəran rayonunun Cəmilli kəndinə göndərilmişdir. Yoldaşları ilə birgə bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Dekabrın 15-də Cəmilli kəndindən Şuşanın Kosalar kəndinə doğru hərəkət edərkən yolun İstisu deyilən ərazisində pusquda duran ermənilər onları qəfil atəşə tutmuş, cəsur el oğlumuzla birlikdə yeddi döyüş yoldaşı da şəhid olmuşdur. Onun döyüş yoldaşlarından biri əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov idi.
Şəhid doğulduğu Padar kəndində dəfn edilmişdir. Arzu Əliyev şəhid olarkən onun qızı Aynur yenicə doğulmuşdur. Şəhidin adı əbədiləşdirilmişdir.
Arzu Əliyevin oxuduğu Padar kənd tam orta məktəbinə və Oğuz şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.
Comentarios