Yaşar Şəfiyev 1968-ci il noyabrın 8-də Oğuz rayonunun Xalxal kəndində anadan olmuşdur.Atası Ömər kişi kolxozun kənd təsərrüfatı mütəxəsisi olmuşdur. 8 uşaqlı ailənin ilk övladı idi Yaşar. İlk təhsilini Xalxalqışlaq kənd ibtidai məktəbində almışdır. Daha sonra təhsilini Qumlaq kənd tam orta məktəbində davam etdirmiş və 1986-ci ildə Xalxal kənd orta məktəbini bitirmişdir.
1986-1988-ci illərdə Rusiyanın Kazan şəhərində hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra bir müddət Rusiyada işləmişdir. 1992-ci ilin payızında Azərbaycana qayıtmış, könüllü olaraq cəbhəyə yollanmışdır.Qubadlı istiqamətində gedən döyüşlərdə manqa komandiri olaraq iştirak etmişdir. 1992-ci ilin noyabrında 24 yaşını səngərdə qeyd edən Yaşar Qubadlının Başarat kəndinin müdafiəsində iştirak etmişdir. Həmin ilin noyabrın 21-də həmyerlisi, Oğuz rayon Bucaq kəndindən olan cəbhə yoldaşı Elbrus Süleymanovla birgə döyüşlərin birində həlak olmuşdur.
Döyüş zamanı Yaşarın atası Ömər kişi cəbhəyə- oğlunu ziyarətə gəlmiş, hərbi hissənin qərargahında onu gözləyirmiş. Lakin oğlunu sağ görmək ona qismət olmamışdır.
Yaşar Şəfiyev 23 noyabrda doğulduğu Xalxalqışlaq kəndində dəfn olunmuşdur.
Şəhidin adı əbədiləşdirilmişdir. Xalxal kənd tam orta məktəbi hazırda Yaşar Şəfiyevin adını daşıyır.
Yaşar Şəfiyev ailədə 4 bacı, 4 qardaş idilər. Anası Mədinə Şəfiyeva hazırda Oğuz rayonunun Xalxal kəndində yaşayır.
Comments