Tofiq Rzayev (Tofiq Oğuz) 1945-ci ildə Oğuz rayonunun Yaqublu kəndində anadan olmuşdur. İlk təhsilini Yaqublu kənd məktəbində, orta təhsilini Padar kənd orta məktəbində almışdır. 1962-ci ildə Sumqayıt Texnologiya Texnikumuna daxil olmuş və texnikumu uğurla başa vurmuşdur. 1963-cü ildə sambo üzrə Azərbaycan, 1965-ci ildə isə keçmiş SSRİ çempionu olmuşdur. Sonralar SSRİ İdman ustası adına layiq görülmüşdür. 1965-1968-ci illərdə Leninqradda (Sank-Peterburqda) hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurandan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oxumuşdur. 1972-1974-cü illərdə Kuybışev şəhərində Politexnik İnstitutunda idman müəllimi işləmişdir.Tofiq Rzayev Sambo üzrə SSRİ idman ustası idi. O, 1974-cü ldə Azərbaycana qayıtmış və Azərbaycan Dövlət Tibb İnstitutu, İnşaaat Mühəndisləri institutu və Sumqayıt Texnologiya İnstitutunda baş müəllim işləmişdir. Respublika dərəcəli hakim idi. 1987-ci ildə doğma kəndi Yaqubluya qayıtmışdır. Bir müddət buradakı Üzümün İlkin Emalı zavodunda işləmişdir. 1989-cu ildə Oğuz Rayon İdman Komitəsinə sədr təyin olunmuşdur. T. Rzayevin Oğuz rayonunda idmanın inkişafında böyük əməyi olmuşdur. O, 1988-ci ildən başlayan milli azadlıq hərəkatının fəal üzvlərindən biri, Oğuz rayonunda həmin hərəkatın əsas liderlərindən olmuşdur.
Torpaqlarımıza erməni təcavüzü başlayanda Tofiq Rzayev 1989-cu ildə Oğuzdan Qubadlı rayonunun sərhəd kəndlərinin müdafiəsinə yollanan könüllülər dəstəsinə rəhbərlik etmişdir. 20 Yanvar hadisələri zamanı əsl həqiqəti “Azadlıq” radiosu ilə bütün dünyaya çatdıranlardan biri də Tofiq Rzayev olmuşdur. Qırğından sonra baş verənlərə etiraz edərək Oğuz Rayon İdman Komitəsinin sədri vəzifəsindən istefa vermiş və qalan həyatını torpaqlarımızın erməni işğalçılarından qorunmasına həsr etmişdir. 1991-ci ildə 60 nəfər oğuzlu gənclə birlikdə Şuşanın müdafiəsinə yollanmışdır. Orada könüllülər batalyonunun komandiri təyin olunmuşdur. 1992-ci ilin may ayının 3-də isə briqada komandiri E.Orucov tərəfindən briqadanın qərargah rəisi təyin edilmişdir. T.Rzayev 7-8 may tarixlərində Şuşada “Zapravka”, “Kolxozstroy”, “Qaraj” ətrafında gedən qanlı döyüşlərin ən fəal iştirakçılarından, düşmənə qarşı şücaətlə vuruşanlardan biri olmuşdur. Döyüşçü yoldaşlarının dediyinə görə ağır yaralı olan Tofiq Rzayev onların atəş altından çıxmasına kömək edərkən başından ağır yara alıbmış. Dostlarını təhlükədən xilas eləsə də, onların təklif və təkidlərinə baxmayaraq özü döyüş meydanını tərk etməmişdir. Araşdırmalar və faktlar göstərir ki, o Şuşanın son döyüşçülərindən biri olub, axır nəfəsinə kimi vuruşmuşdur.
Tofiq Rzayevin ailəsində 3 övlad-2 oğlan bir qız böyümüşdür. Oğlanları Polad və Qafar hərbçidirlər. Oğlu Polad Rzayev II Qarabağ döyüşlərində XTQ-in döyüşçüsü kimi böyük qəhrəmanlıqlar göstərmiş, bir çox döyüşlərdən keçmiş, Cəbrayıl şəhərində Azərbaycan bayrağını sancanlardan biri olmuşdur. Qubadlının alınması uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr tarixli Sərəncamı ilə kapitan Polad Rzayev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
I Qarabağ müharibəsinin şəhidi Tofiq Oğuzun II Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərərək ağır yaralanmış, qazi olmuş "Azərbaycan bayrağı" ordenli oğlu Polad Rzayev.
Kommentare