Fariz Məmmədov 2 fevral 1970-ci ildə Oğuz rayonu Xaçmaz kəndində doğulmuşdur. Dəyirmançı Yaqub dayının ailəsində doğulan yeddi qardaşdan biri olan Fariz kənd məktəbində oxumuşdur. Hərbi xidmətini Polşada keçmişdir. Vətəninə qayıdaraq 1992-ci ilin əvvəllərində cəbhəyə yola düşmüşdür. Şuşanın müdafiəsində, Daşaltı və Sırxavənd əməliyyatlarında, iştirak etmişdir. Döyüş yoldaşları ona “Puşkin” deyə müraciət edərmişlər.
Naxçıvanik uğrunda gedən döyüşlərdə ağır yaralanmış, Ağdamda hospitalda müalicə olunmuşdur. Atası onu burda tapmışdır. On gün sonra isə geri qayıdan ata oğlunu orda tapmır. Hələ yaraları sağalmamış Fariz yenidən cəbhəyə qayıtmışdır. Bu dəfə ailə ondan 6 ay xəbər tuta bilmir. Atası Yaqub dayı onu çox axtarır, Ağdamın Gülablı kəndindən onun sorağını eşidir. Fariz Məmmədovu burada tapır. Farizin qardaşı Coşqun da onunla birgə döyüşmüşdür. Burdakı döyüşlərdən kəndə gələrkən bu dəfə qardaşı Anar da onlara qoşulur. Anar Laçındakı döyüşlərdə fəal iştirak etmiş, yaralanmışdır. Coşqun isə Füzulinin Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə yaralanıb əlil olmuşdur. Fariz 1993-cü ildə Kəlbəcərə gəlmiş, döyüş yolunu burda davam etdirmişdir. Döyüş dostları ilə mühasirəyə düşmüş, 4 gün mühasirədə qalsalar da mühasirəni yara bilmiş və çıxmışlar. Burda da ağır yaralanmışdır. Hospitala göndərilmişdir. Atası onu Şəki Xəstəxanasına gətirmişdir. Lakin həkimlər Farizin həyatını xilas edə bilməmişlər.
10 may 1994-cü ildə Fariz Məmmədov şəhidlik zirvəsinə yüksəlmişdir. Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
Fariz Məmmədovun valideynləri dünyalarını dəyişmişlər.
Comentários