Fərman İsmayılov 1975-ci il fevralın 4-də Oğuz rayonunun Xaçmaz kəndində doğulmuşdur. Bu kənddə ilk təhsilini almış, ikinci sinifdən sonra təhsilini qonşu Dəymədərə kəndində davam etdirmişdir. 8-ci sinfi bitirdikdən sonra Bayan kəndindəki peşə məktəbində sürücülük peşəsinə yiyələnmişdir. Oxumaqla bərabər Xaçmaz kəndindəki “Turan” kolxozunda usta kimi çalışmışdır.
1994-cü ilin yanvar ayında hərbi xidmətə çağırılmişdır. Əsgər kimi ilk məktubu Qusardakı hərbi hissədən gəlmişdir. Onun bacarıqlı əsgər kimi fəaliyyəti xidmət etdiyi 888 nömrəli hərbi hissənin komandanlığı tərəfindən qiymətləndirilmiş, Fəxri Fərmanla təltif olunmuşdur.
Fərman İsmayılov döyüşlərdə iştirak etmişdir. 1994-cü il iyun ayının 2-də 703 nömrəli 3-cü motoatıcı taborunun sıravi əsgəri İsmayılov Fərman Telman oğlu Azərbaycanın suverenliyi uğrunda Tərtər rayonunda gedən döyüşlərdə şəhid olmuşdur.
Doğulduğu Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
Şəhidin anası Xüdavər xala və qardaşı Elman hazırda Xaçmaz kəndinin Daşüz ərazisində yaşayırlar.
Comments