Əlövsət Həbibullayev 1969 cu il 13 apreldə Oğuz rayon Baş Daşağıl kəndində anadan olmuşdur. Sadə, zəhmətkeş bir ailədə böyümüşdür. 1979-1986-cı illərdə Baş Daşağıl kənd orta məktəbində təhsil almışdır. Ə. Həbibullayev yaxşı oxuyurdu və hərbçi olmaq arzusu ilə yaşayırdı. Məktəbi qurtardığı il sənədlərini hərbi məktəbə versə də qəbul ola bilməyib. 1987-ci ildə hərbi xidmətə yollanmışdır. İki il Rusiyada hərbi xidmətdə olmuşdur.
Vətənimiz erməni işğalına məruz qalanda o da sakit dayana bilməmişdir. 1993-cü ildə könüllü olaraq Azərbaycan ordusuna yazılıb, noyabr ayında döyüş bölgəsinə aparılmışdır. Ə. Həbibullayev Ağdam-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin aprelində Tərtərdə ağır döyüşlərin birində döyüş yoldaşları ilə birgə düşmən mühasirəsinə düşmüşdür. Onlara kömək gecikmişdir. Əlövsət Həbibullayev döyüş dostlarının düşmənin getdikcə daraltdığı mühasirəsindən çıxarmaq üçün əlindəki qumbara ilə düşmənin üzərinə atılmış, dostlarının mühasirədən çıxmasına şərait yaratmışdır. Kənddən olan döyüş yoldaşlarının dediyinə görə güclü döyüşlər gedirmiş. O, əsgər yoldaşlarına deyir ki, mən qumbara atıb onların başını qarışdırım, siz geri çəkilin. Belə də edir. Ermənilərin fikirlərini öz üzərinə cəlb edərək yoldaşlarının mühasirədən çıxmasına şərait yaratmışdır. Əsgərlər geri çəkilir. Bu zaman ermənilər onların olduğu yeri atəşə tuturlar, Əlövsət Həbibullayev ağır yaralanır. Onu döyüşdən çıxarırlar, hospitala aparırlar. Lakin cəsur əsgərin həyatını xilas etmək olmur. 24 aprel 1994-cü ildə şəhidlik zirvəsinə yüksəlir.
Əlövsət Həbibullayev doğulduğu Baş Daşağıl kəndində dəfn edilmişdir.
Şəhidin adı əbədiləşdirilmiş, oxuduğu Baş Daşağıl kənd tam orta məktəbinə Əlövsət Həbibullayevin adı verilmişdir.
Atası vəfat etmiş, anası Südabə xala isə hazırda kənddə yaşayır. Həbibullayevlər ailəsində daha bir Əlövsət böyüyür. Tələbədir, 3-cü kursda oxuyur. Şəhidin adını qardaşı Amil öz oğluna verərək yaşadır.
Kommentarer