İntiqam Cəmaləddinov şəhid olmuş ilk oğuzlu peşəkar zabitdir. 5 sentyabr 1971- ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olmuşdur.1978-ci ildə Muxas kənd orta məktəbinin I sinfinə getmişdir. Uşaqlıqdan hərbi peşəyə marağı olmuşdur. Bu maraqla o, səkkizinci sinfə qədər Muxas kənd orta məktəbində oxuduqdan sonra 1985-ci ildə C.Naxçıvanski adına internat məktəbinə ( hazırkı Cəmşid Naxçıvanski adına hərbi lisey) daxil olmuşdur. 1988-ci ildə bu məktəbi bitirmiş və Çelyabinski Ali Hərbi Avtomobil Mühəndisləri Məktəbində oxumuşdur. Məktəbi bitirməyinə bir neçə ay qalmış Azərbaycan Respublikasında müharibə şəraiti ilə bağlı-xaricdə təhsil alan hərbçilərin vətənə çağırılması ilə əlaqədar Azərbaycana qayıtmışdır. Hərbi təhsilini Bakı Ali Hərbi Birləşmiş Komandanlığı Məktəbində ( indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) başa vurmuşdur. İ. Cəmaləddinov təhsilini bitirdikdən sonra Güzdək qəsəbəsindəki hərbi hissəyə Avtomobil xidmət rəisi vəzifəsinə təyin olunmuşdur. Az bir müddət burada çalışdıqdan sonra Müdafiə Nazirliyinin xətti ilə könüllü cəbhə bölgəsinə yollanmış, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-1994cü illərdə demək olar ki, bütün cəbhə boyu ərazilərdə gedən hərbi əməliyyatlarda (xüsusilə Ağdam, Füzuli, Əsgəran, Xocalı, Şuşa, Ağcabədi, Beyləqan bölgələrində) iştirak etmişdir. Ardıcıl üç hərbi hissədə - hər birində texnika üzrə Avtomobil xidmət rəisi vəzifəsində çalışmaqla (30 iyul 1992-ci ildən 29 mart 1993-cü ilədək - 708 saylı H/h, 1993 cü il 29 mart-19 iyul -002 sayli H/h-KORPUSda və 19 iyul-30 aprel tarixinə kimi 777 saylı hərbi hissədə) qulluq etmişdir.
İ. Cəmaləddinov 1994-cü il aprel ayının 25-də Tərtər rayonunun Qapanlı kəndi istiqamətində gedən döyüşdə ağır yaralanaraq 30 apreldə şəhid olmuşdur. Doğulduğu Muxas kəndində dəfn olunmuşdur.
“Azərbaycan Respublikası hərbi qulluqçularının və polis işçilərinin bir qrupunun təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası torpaqlarının azad edilməsində göstərdiyi igidliyə görə olümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Anası Zənfirə xala kənddə yaşayır. Şəhidin oğlu Elşən hazırda Mingəçevir şəhərində yaşayır. Bacısı Ruhiyyə Cəmaləddinova şəhid qardaşı İntiqam Cəmaləddinova həsr edilmiş “Bir nakam ömür” adlı kitab çap etdirmişdir.
Comments