Fərid Zaməddinov 1986-ci il mayın 11-də Oğuz şəhərində anadan olmuşdur. 1992-ci ildə Oğuz şəhər şəhid Emin Abdullayev adına 2 nömrəli orta məktəbə getmişdir. 2003-cü ildə məktəbi bitirmişdir. Həmin il ordu sıralarına çağırılmışdır. Məktəbi bitirdikdən sonra Şəkidə mühasibat-uçotu və Audit ixtisası üzrə təhsil almışdır. Ordu sıralarından qayıtdıqdan sonra müxtəlif sahələrdə işləmişdir. 2012-ci ilin aprel ayından Azərbaycan Ordusunda hərbi xidmətini gizir kimi davam etdirmişdir. Xidmət etdiyi dövrdə dəfələrlə mükafatlandırılmışdır. Fərid Zaməddinov "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, "Qüsursuz xidmətə görə" medalı ilə təltif olunmuşdur.
II Qarabağ savaşı başlayandan döyüşlərdə iştirak etmişdir. Böyük qələbəyə çox az qaldığı bir vaxtda noyabrın 9-dan 10-na keçən gecə Fərid Zaməddinov Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Noyabrın 16-da Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
2007-ci ildə ailə həyatı quran şəhid Fərid Zaməddinovun Nəzrin, Nərmin, Aqşin adlı üç övladı var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə gizir Fərid Zaməddinov “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Comments