Rəvan Lətifov 1991-ci il avqustun 26-da Oğuz rayonu Xaçmaz kəndində ziyalı ailəsində anadan olmuşdur. 2008-ci ildə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsilin təşkili və idarə edilməsi” fakültəsinə qəbul olunmuşdur. 2012-ci ildə universiteti bitirmişdir. 2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə qulluq etmişdir. Qulluq zamanı bir neçə təltifnamə və təşəkkürnamə almışdır. 2014-cü ildə Oğuz rayonu şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində təşkilatçı vəzifəsində işləməyə başlamışdır. 2020-ci il sentyabrın 28-də səfərbərliklə ordu sıralarına çağırılmışdır. Füzuli, Şuşa, Xankəndi istiqamətindəki döyüşlərdə iştirak etmişdir. Şuşa döyüşlərində şəhidlik zirvəsinə yüksəlmişdir.
16 noyabr 2020-ci ildə Xaçmaz kənd Şəhidlər xiyabanında dəfn edilmişdir.
Rəvan Lətifovun Ömür adlı oğlu yadigar qalmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 və 18 dekabr 2020-ci il tarixli sərəncamları ilə Rəvan Lətifov “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Şuşanın azad edilməsi uğrunda" medalı ilə təltif olunmuşdur.
Comments