1997-ci il aprelin 30-da Oğuz rayon Baş Daşağıl kəndi Malıx yaşayış sahəsində anadan olmuşdur. 2003-cü ildə Malıx kənd ümumi orta məktəbinin birinci sinfinə qəbul olmuşdur. 2012-ci ildə doqquzuncu sinfi bitirmişdir. 2013-cü ildə Ağdaş şəhəri Abad kənd tam orta məktəbində təhsilini davam etdirərək, 2015-ci ildə həmin məktəbi bitirmişdir. 2016-cı ilin aprel ayından Naxçıvan Muxtar Respublikası HHM-in “N” saylı hərbi hissəsində xidmət keçmişdir. 2017-ci ilin oktyabr ayında hərbi xidmətini başa vurmuşdur. Daha sonra Mingəçevir şəhərində “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlamışdır. 2018-ci ildə SAT kurslarına daxil olub altı aylıq kursu başa vurduqdan sonra sertifikat əldə etmişdir. 2020-ci ildə sənədlərini Xüsusi Təyinatlı Qüvvələrə təqdim etmişdir. Kurslar başa çatdıqdan sonra “Qırmızı beret” sertifikatını qazanmışdır. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı kiçik gizir Beyrək Fezullayev Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Adını götürdüyü Dədə Qorqud dastanının qəhrəmanı Beyrək kimi böyük bir dastan yazmış, 30-a yaxın ermənini məhv etmiş, yaralanmasına baxmayaraq döyüşü davam etdirmiş, oktyabrın 4-də şəhidlik zirvəsinə yüksəlmişdir.
5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Beyrək Fəzullayev “Vətən uğrunda” medalı ilə , 24 dekabr 2020-ci ildə "Cəbrayılın azad olunması" medalı ilə, 30 dekabr 2020-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.
Comments