Zahir Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuz rayon Muxas kəndində anadan olmuşdur. 1999-cu ildə şəhid Ağasəf Əhmədov adına Muxas kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 2010-cu ildə şəhid Emin Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam orta məktəbini bitirmişdir. Sonra Mingəçevir şəhərində kollecdə təhsil almışdır. 2011-ci il yanvarın 1-də Oğuz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsində başlamışdır. 2012-ci ilin iyul ayında xidmətini bitirmişdir. Zahir Feyzullayevin hərbi sahəyə böyük marağı olmuşdur. Yaxınlarına gələcəkdə özünü hərbçi kimi gördüyünü bildirmişdir. 2013-cü ilin noyabr ayının 12-də Müdafiə Nazırliyinin gizir hazırlığı kursuna qəbul olunmuşdur. 2014-cü ilin yanvar ayının 25-də həmin kursu bitirmişdir. 2014-cü ilin yanvar ayından 2018-ci ilin iyul ayına qədər “N” saylı xüsusi təyinatlı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir. 2018-ci ildə Naxçıvanın Günnüt kəndi istiqamətindəki döyüşlərdə fərqləndiyinə görə 2018-ci iyul ayının 2-də kiçik leytenant hərbi rütbəsi, 2019-cu ilin iyul ayının 2-də leytenant hərbi rütbəsi almışdır.
2018-ci ildə Azərbaycan ordusunun 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilmişdir. 26 iyun 2018-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal ilə təltif edilmişdir.
2015-ci ildən başlayaraq müxtəlif vaxtlarda Türkiyənin Ankara, Kayseri, Qars şəhərlərində “görüntülü hədəf qiymətləndirmə”, “hərbi sərbəst paraşüt”, “statik təməl paraşüt”, “statik paraşütçü buraxıcı və yer ekip komutanlığı” kurslarından keçmiş, “Qış-2019” təlimlərində iştirak etmişdir.
2020-ci il II Qarabağ Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmiş, qəhrəmanlıqlar göstərmişdir, oktyabrın 20-də Xocavənd rayonu Tuğ kəndinin işğalçılardan azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid Feyzullayev Zahir Eyvaz oğlu Muxas kəndində dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Zahir Feyzullayev “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Şuşanın azad olunmasına görə", 30 dekabr tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.
Commentaires